KOMANDALAR VS TAMAŞAÇILAR

Oyun qaydaları

Oyunun gedişi, xal hesablanması və qaliblərin müəyyən edilməsi.

1. Ümumi müddəalar

Oyun komandalar və tamaşaçılar — sual müəllifləri arasında keçirilən intellektual yarışdır.

Oyunda komandalar həm bir-biri ilə, həm də ümumi olaraq tamaşaçılarla yarışırlar.

  • Hər komanda 5–8 nəfərdən ibarət olmalıdır.
  • Hər tamaşaçı oyun üçün yalnız 1 sual təqdim edə bilər.

2. Oyunun gedişi

  • Hər oyun üçün 30 sual müəyyən edilir. Bu suallardan 21-i oyun zamanı çarx vasitəsilə təsadüfi qaydada seçilir.
  • Hər sual üçün komandaya maksimum 1 dəqiqə vaxt verilir.
  • Bütün komandalar suala eyni vaxtda cavab verir. Cavab yazılı şəkildə təqdim olunur.
  • Hər komanda hər suala yalnız bir cavab verə bilər. Təqdim edilmiş cavab dəyişdirilə bilməz.

3. Adi suallar

Adi sualın əsas dəyəri 1 xaldır.

  • İlk 20 saniyə ərzində düzgün cavab — 2 xal.
  • 20 saniyədən sonra, lakin 1 dəqiqə ərzində düzgün cavab — 1 xal.
  • Səhv cavab və ya cavab təqdim edilməməsi — 0 xal.

Adi suallarda səhv cavaba görə xal silinmir.

4. “Günün fürsəti”

“Günün fürsəti” xüsusi oyun imkanıdır və bu sualı oynamaq komandalar üçün könüllüdür.

  • İlk 20 saniyədə düzgün cavab — 4 xal.
  • 20 saniyədən sonra düzgün cavab — 2 xal.
  • Səhv cavab — 1 xal itki.
  • İştirak etməmək — xal qazandırmır və xal itirmir.

5. “Va-bank”

“Va-bank”da iştirak komandalar üçün könüllüdür.

  • Düzgün cavab zamanı komanda həmin anda malik olduğu xal qədər əlavə xal qazanır.
  • Məsələn, 12 xalı olan komanda düzgün cavabdan sonra 24 xala çatır.
  • Səhv cavab zamanı komandanın ümumi xalı sıfırlanır.
  • Va-bankda 20 saniyəlik 2X qaydası tətbiq edilmir.

6. Tamaşaçıların oyunda iştirakı

Tamaşaçılar həm sual təqdim edir, həm də komandaların ümumi rəqibi hesab olunurlar. Sual müəllifi öz sualının komandalar üçün nə qədər çətin olmasına uyğun xal qazanır.

  • Komanda ilk 20 saniyədə düzgün cavab verərsə — müəllif həmin komandadan 0 xal qazanır.
  • Komanda 20 saniyədən sonra düzgün cavab verərsə — müəllif 1 xal qazanır.
  • Komanda səhv cavab verərsə və ya cavab verməzsə — müəllif 2 xal qazanır.

Sual nə qədər çox komandanı düşündürür və cavabsız qoyursa, müəllifinin nəticəsi bir o qədər yüksək olur.

7. “Komandalar vs Tamaşaçılar”

Oyunun sonunda komandalarla tamaşaçılar arasında ayrıca ümumi nəticə müəyyən edilir:

  • Komandaların müqayisə üzrə topladığı xalların ədədi ortası hesablanır.
  • Tamaşaçıların suallar üzrə topladığı ümumi xal oyunda iştirak edən komandaların sayına bölünür.

Alınan nəticələr müqayisə edilir: komandaların nəticəsi yüksəkdirsə Komandalar qalib, tamaşaçıların nəticəsi yüksəkdirsə Tamaşaçılar qalib, nəticələr bərabərdirsə heç-heçə qeydə alınır.

Adi suallar, ilk 20 saniyə üstünlüyü və “Günün fürsəti” bu hesablamada nəzərə alınır. Va-bank isə ayrıca hesablanır:

  • Düzgün Va-bank cavabı — Komandalar üçün 1 xal.
  • Səhv Va-bank cavabı — Tamaşaçılar üçün 1 xal.
  • Va-bankdan imtina — 0 xal.

Va-bankın komandanın əsas hesabını ikiqat artırması və ya sıfırlaması bu müqayisəyə təsir etmir.

8. Oyunun qalibləri

  • Qalib komanda — 21 sualın yekununda ən çox xal toplamış komanda.
  • Komandalar vs Tamaşaçılar qalibi — komandaların orta nəticəsi ilə tamaşaçıların ümumi nəticəsinin müqayisəsi əsasında müəyyən edilir.
  • Ən yaxşı sual müəllifi — təqdim etdiyi sualla komandalar üçün ən yüksək çətinlik yaradan və ən yaxşı nəticə göstərən tamaşaçı.

Komanda vs Komanda · Komandalar vs Tamaşaçılar · Sual müəllifi vs Sual müəllifi